Tranzit yüklərin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük məcəlləsi əsasında aparılır. Bəs bu qanunvericilik sözügedən prosesi hansı formada nəzərdə tutur? Bu yazımızda tranzit yüklərin gömrük rəsmiləşdirilməsinin necə aparılmasından danışacağıq.
Tranzit yüklərin gömrük rəsmiləşdirilməsinə sərhəd stansiyası tərəfindən yüklərin AR-a daxil olması barədə müvafiq gömrük orqanına verdiyi məlumatdan sonra start verilir. Tranzit yüklərin idxal məntəqəsindən ixrac məntəqəsinə kimi daşınması prosesi gömrük nəzarəti altında baş tutur. Tranzit yüklər müvafiq gömrük orqanına bəyan edilməlidir, bu bəyanedilmə dəmiryolu, yükün ekspeditoru və ya gömrük brokeri tərəfindən həyata keçirilir. Gömrük rəsmiləşdirilməsinin tamamlanması mümkün olmayan və ya AR ərazisində daşınması qanunvericiliklə qadağan olan yükdaşımaları qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində geri qaytarılmalıdır.
Əgər yükün daşınmasının mümkünlüyü barədə qərar qəbul edilibsə, bundan sonra gömrük orqanının vəzifəli şəxsi tranzit bəyannaməsinin bütün nüsxələrinə, həmçinin qaimə və çıxış sərhəd məntəqəsində alınan yol cədvəlinin əlavə nüsxəsinə də ştamp vuraraq rəsmiləşdirməni həyata keçirir. Tranzit yüklərin daşınmasına nəzarət Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
.

